Xəzər Xəbər

BMT iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib

Dünya | 09:11 • 24 May 2024
BMT iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib

BMT Baş Assambleyası iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.

Xezerxeber.az xəbər verir ki, Baş Assambleyada Bosniya və Herseqovinada müharibə zamanı 1995-ci ildə boşnak əhaliyə qarşı törədilmiş Srebrenitsa soyqırımı ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Əvvəlcə soyqırımı şahidləri və faciə qurbanlarının yaxınlarının çıxışları olub. Daha sonra Almaniya və Ruandanın təqdim etdiyi və 40-dan çox ölkənin dəstəklədiyi layihə səsverməyə çıxarılıb, 193 üzvlü Baş Assambleyada 84 ölkə qətnamənin qəbul olunmasın lehinə səs verib, 68 ölkə bitərəf qalıb və 19 ölkə “xeyr” səsi verib.

Qəbul olunan qətnamədə Srebrenitsada insanlığa qarşı törədilən cinayətlər, soyqırım və müharibə cinayətləri pislənib. Soyqırımı qurbanlarının müəyyən olunması və onların cəsədlərinin tapılması üçün səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Soyqırımına görə məsuliyyət daşıyanların mühakimə olunmasına çağırışı edilib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb.

Xəbər lenti

Çox oxunanlar