Xəzər Xəbər

Çin ABŞ-nin bir neçə şirkətini “qara siyahı”ya salıb

Dünya | 14:09 • 20 May 2024
Çin ABŞ-nin bir neçə şirkətini “qara siyahı”ya salıb

Çinin Kommersiya Nazirliyi ABŞ-ın bir neçə şirkətini Tayvana silah satışında iştiraka görə “Etibarsız qurumlar siyahısı”na salıb.

AZƏRTAC nazirliyin açıqlamasına istinadla xəbər veri ki, “qara siyahı”ya salınanlar “Boeing Defense, Space & Security”, “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətləridir. Onlara Çinlə idxal-ixrac əməliyyatları aparmaq, Çinə sərmayə yatırmaq qadağan olunub.

Bundan başqa, şirkətlərin yüksək vəzifəli şəxslərinin Çinə girişinə icazə verilməyəcək. Çin hökuməti qərarını ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri Tayvan adasına köçərək Çinin mövcudluğunun davam etdiyini bəyan edib. Ada ÇXR-in qurulmasından öncəki Çinin bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Pekinin “Vahid Çin” siyasətini tanısa da, Tayvanla iqtisadi, humanitar münasibətlərini davam etdirir, davamlı olaraq adaya silah tədarük edir.

Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan “Tayvanın müstəqilliyi”ni dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir.

Mayın 20-də Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-tenin andiçmə mərasimi olub. Yanvar ayında keçirilmiş seçkidə qalib gələn Lay Çinq-te mətbuat konfransında bildirib ki, o, Çinin materik hisssəsi ilə qarşıdurma yox, bərabərlik və ləyaqət əsasında dialoqa davam edəcək, Tayvan boğazının hər iki tərəfi arasında mübadilə və əməkdaşlığı inkişaf etdirəcək.

Tayvandakı hökuməti separatçı sayan rəsmi Pekin bir neçə gün əvvəl adanın yeni liderinin “xalqın iradəsinə tabe olaraq dinc inkişaf yolunu tutmaq, yoxsa xalqın iradəsinə qarşı çıxıb təxribat və qarşıdurmaya girmək” arasında seçim etməli olduğunu bildirib.

Xəbər lenti

Çox oxunanlar