Xəzər Xəbər

Zelenski: Rusiya ilə danışmazdan əvvəl bütün dünya tərəfindən razılaşdırılmış müfəssəl plan olmalıdır

Dünya | 12:00 • 18 May 2024
Zelenski: Rusiya ilə danışmazdan əvvəl bütün dünya tərəfindən razılaşdırılmış müfəssəl plan olmalıdır

Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmirlər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib. O əlavə edib ki, burada müvafiq ab-hava var. Zelenskinin sözlərinə görə, Ukrayna diplomatiya üçün platforma seçib və bu, Sülh sammitidir.

“Sadəcə çox möhkəm və güclü olmalıyıq. Bu gün isə düzgün platforma seçilib, burada bizim təşəbbüsümüz var – Sülh sammiti”, - deyə Ukraynanın dövlət başçısı bildirib.

İlk qlobal Sülh sammiti iyunun 15-16-da İsveçrənin Luzern şəhəri yaxınlığındakı Bürgenştok kurort şəhərində keçiriləcək.

Zelenski qeyd edib ki, bu sammitin nəticəsi olaraq, Ukrayna birgə kommünike qəbul edilməsini istəyir. Bu, bir neçə sahəyə aid olmalıdır - enerji, o cümlədən nüvə, humanitar, gəmiçilik və sairə.

“Biz sərbəst naviqasiya əldə etmək istəyirik. Ukraynanın dənizi sahəsindən keçən istənilən yük risksizdir. Buraya Odessada və ümumilikdə cənubda insanların təhlükəsizliyi də daxildir. Çünki onlar (Rusiya tərəfi - red.) limanları vururlar, infrastruktur, dəniz, iqtisadiyyat da zərər çəkir. Həm də əsirlərin mübadiləsinə təkan vermək üçün ciddi addım atılmalıdır. Humanitar aspektdə onların mübadiləsi enerji məsələləri kimi ikiqat əhəmiyyətlidir”, - deyə Prezident qeyd edib.

Zelenskinin sözlərinə görə, əsirlərin mübadiləsi məsələsinə uşaqların qaytarılması da daxildir.

“Əgər ciddi sayda ölkə qoşularsa və müvafiq kommünike qəbul edilərsə, inanıram ki, bu, bizim diplomatik üstünlüyümüz olacaq. Bundan sonra müəyyən ölkələrdə platformalar təşkil etmək olar ki, orada da bu məqamların hər biri texniki cəhətdən əsaslandırılacaq. Sonra bu plan Rusiya nümayəndələrinə veriləcək”, -deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, sülh formulunun bəndlərinin razılaşdırılması “Taxıl sazişi”nə bənzəməlidir. Sonra plan BMT və Türkiyə ilə müzakirə edildi və onlar həmin sazişi Rusiya Federasiyası ilə ayrıca razılaşdırdılar. Zelenskinin sözlərinə görə, təkcə iki ölkənin olmaması vacibdir, əks halda ruslar “Taxıl dəhlizi”ndə olduğu kimi aradan çəkiləcək.

“Çox çətin idi. Ona görə də, burada bu üç maddə üzrə bir plan var. Əgər uğur qazansaq, bu, şübhəsiz ki, növbəti görüşə yol açacaq, burada bütün digər vacib məsələlər işlənməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, Rusiya Federasiyası ilə danışmazdan əvvəl bütün dünya tərəfindən razılaşdırılmış müfəssəl plan olmalıdır.

Ukrayna Prezidenti qeyd edib: “Biz müxtəlif istiqamətlərdə işləyirik. Liderlərlə danışıram. Andrey Yermak (Zelenskinin ofisinin rəhbəri - red.) diplomatlarla məşğul olur. Dünən o, Rasmussenlə (Danimarkalı siyasətçi Anders Foq Rasmussen, NATO-nun keçmiş baş katibi, Danimarkanın keçmiş baş naziri və Ukrayna Prezidentinin keçmiş ştatdankənar müşaviri - red.) birlikdə NATO-da Ukrayna ilə bağlı analitik sənəd təqdim edib. Brüsseldə isə Yermak və komandamız sammitdə bir çox səfirlərlə, o cümlədən Çin və Qlobal Cənub ölkələri ilə görüşüb”. (AZƏRTAC)

Xəbər lenti