Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, bu, belədir”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.