Xəzər Xəbər

ABŞ Culian Assanja qarşı ittihamların ləğv edilməsi məsələsini nəzərdən keçirir

Dünya | 10:22 • 11 Aprel 2024
ABŞ Culian Assanja qarşı ittihamların ləğv edilməsi məsələsini nəzərdən keçirir

ABŞ Avstraliya hökumətinin tələbindən sonra “Wikileaks”in qurucusu Culian Assanja qarşı ittihamları ləğv etmək məsələsini nəzərdən keçirir.

Bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Jurnalistlər ABŞ Prezidentindən Avstraliya hökumətinin tələbindən sonra Culian Assanja qarşı ittihamların ləğv edilib-edilməyəcəyini soruşublar. Prezident “bunu nəzərdən keçiririk” deyə cavab verib.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, habelə Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hökuməti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar