Xəzər Xəbər

“Reuters”: 2023-cü ildə ABŞ-də müsəlmanlara qarşı insidentlər rekord həddə çatıb

Dünya | 13:12 • 2 Aprel 2024
“Reuters”: 2023-cü ildə ABŞ-də müsəlmanlara qarşı insidentlər rekord həddə çatıb

2023-cü ildə ABŞ-də müsəlmanlara və fələstinlilərə qarşı ayrı-seçkilik halları və hücumlar rekord həddə çatıb. Bu ilin sonunda İsrail-HƏMAS müharibəsinin qızışdığı bir vaxtda artan islamofobiya və qərəzlilik səbəbindən bu neqativ tendensiya davam edir.

Bu barədə “Reuters” agentliyinin yaydığı xəbərdə bildirilir. Qeyd olunur ki, 2023-cü ildə müsəlmanlardan daxil olan şikayətlərin sayı 8061-ə çatıb ki, bu da əvvəlki ilə nisbətən 56 faiz artım deməkdir və Amerika-İslam Münasibətləri Şurasının (CAIR) təxminən 30 il əvvəl qeydlərə başlamasından bəri ən yüksək göstəricidir. Şura bildirib ki, bu hadisələrin təxminən 3600-ü ötən ilin oktyabrından dekabr ayına qədər baş verib.

İnsan haqları müdafiəçiləri də Yaxın Şərqdə son münaqişənin alovlanmasından sonra islamofobiyanın, anti-Fələstin çıxışlarının və antisemitizmin qlobal miqyasda artdığını bildirirlər.

ABŞ-də beş verən insidentlər arasında ötən ilin oktyabr ayında İllinoys ştatında 6 yaşlı fələstinli amerikalı Vade Əl-Fayumənin ölümcül bıçaqlanması, noyabrda üç tələbənin güllələnməsi, bu ilin fevralında Vermontda fələstinli amerikalının bıçaqlanması kimi insidentlər var.

CAIR-nin hesabatında deyilir ki, 2022-ci ildə şikayətlərdə ilk dəfə qeydə alınan illik azalmadan sonra 2023-cü ildə müsəlmanlara qarşı nifrətinin güclənməsi müşahidə olunub. 2023-cü ilin ilk doqquz ayında bu cür hadisələr ayda orta hesabla 500-ə yaxın olub, son üç ayda isə təxminən 1200-ə çatıb.

Hesabatda deyilir: “Bu güclənən islamofobiya dalğasının əsas səbəbi 2023-cü ilin oktyabrında İsrail və Fələstində zorakılığın artması olub”.

CAIR bildirib ki, 2023-cü ildə ən çox şikayətlər immiqrasiya və sığınacaq, məşğulluq ayrı-seçkiliyi, nifrət cinayətləri və təhsil ayrı-seçkiliyi kateqoriyalarına aid olub.

Şura qeyd edib ki, bu hesabatı ictimai bəyanatlar və videolar, habelə zənglər, e-poçtlar və onlayn şikayət sistemini nəzərdən keçirərək tərtib edib, habelə mətbuatda insidentlərlə bağlı adı çəkilən insanlarla əlaqə saxlayıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar