Qəzzaya humanitar yardım daşıyan barjı yedəkləyən ilk gəmi göyərtəsində olan ləvazimatları sahilə boşaldıb. İspaniyanın “Open Arms” gəmisi BMT-nin aclıq ərəfəsində olduğunu bildirdiyi Qəzza zolağına çox ehtiyac duyulan 200 ton ərzaqla çərşənbə axşamı Kiprdən ayrılıb. Sosial mediada yayımlanan videomateriallarda qaldırıcı kranın yükü boşaltdığı nümayiş etdirilib.
BBC telekanalı xəbər yayıb ki, ərzaq tədarük edən “World Central Kitchen” (WCK) təşkilatı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlıq şəraitində düyü, un, paxlalılar, konservləşdirilmiş tərəvəzlərdən ibarət barja yüklərinin çatdırılması missiyasını yerinə yetirib.
WCK-nın təsisçisi, məşhur aşpaz Xose Andres “X” sosial media platformasında yazıb ki, bütün ərzaq yardımı 12 yük maşınına yüklənib. O əlavə edib ki, bu, ilk sınaq idi və təşkilat Qəzzaya minlərlə ton yardım çatdırmağı planlaşdırır.
İsrail hökumətinin verdiyi açıqlamada “Open Arms” gəmisinin yükünün Kiprdə yoxlanıldığı və İsrail Müdafiə Qüvvələri (IDF) hərbçilərinin sahil zolağının təhlükəsizliyini təmin etmək üçün həmin ərazidə yerləşdirildiyi bildirilib.
ABŞ Qəzzaya dəniz daşımalarını artırmaq üçün sahildə öz üzən dokunu qurmağı planlaşdırır. Ağ ev bəyan edib ki, hərbi gəmi doku qurmaq planının maddi-texniki təminatı ilə bağlı suallar qalmaqdadır. Hərbi əməliyyatlar və sosial nizamın pozulması yardımın paylanmasına da ciddi maneələr yaradıb.