ABŞ Müdafiə Nazirliyi Ukraynaya daha uzun mənzilli ATACMS taktiki ballistik raketləri göndərməyə hazırdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
“Ukrayna tərəfi indiyədək dəfələrlə ABŞ-dən 290 kilometr mənzilli ATACMS raketləri istəsə də, Ağ ev hər dəfə bundan imtina edib. İndi isə Pentaqon həmin raketləri Ukraynaya tədarük etməyə hazırdır, lakin bunun üçün Prezident Cozef Baydenin razılığı olmalıdır”, - nəşr öz mənbələrinə istinadla belə yazıb.
Amerikalı siyasətçilər ABŞ-nin Kiyevə ayırdığı 300 milyon dollarlıq yeni yardım paketinə 160 kilometr uzaqlıqdakı hədəfləri vura bilən orta mənzilli ATACMS raketlərinin də daxil olduğunu bildiriblər.
Martın 12-də ABŞ-nin milli təhlükəsizlik müşaviri Cek Sallivan Birləşmiş Ştatların Ukraynaya artilleriya mərmiləri və idarə olunan raketlərdən ibarət 300 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.