Xəzər Xəbər

Çin Müdafiə Nazirliyi: Ölkədə təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabit xarakter alır

Dünya | 16:28 • 10 Mart 2024
Çin Müdafiə Nazirliyi: Ölkədə təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabit xarakter alır

Çinin təhlükəsizlik sahəsində qeyri-müəyyənlik artır, separatizmlə bağlı problemlər ciddi xarakter alır, ölkənin hərbi vəzifələri indi daha mürəkkəb və çoxcəhətlidir.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan hökumətin 2024-cü ildə hərbi büdcəsini 7,2 faiz artırmaq planlarını şərh edərkən bildirib.

“Çində təhlükəsizliklə bağlı vəziyyət getdikcə qeyri-sabit və qeyri-müəyyən xarakter alır. Hərbi mübarizənin vəzifələri indi daha mürəkkəb və çoxcəhətlidir”, – deyə U Tsyan 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Məclisinin (parlament) ikinci sessiyası çərçivəsində jurnalistlərə söyləyib. O qeyd edib ki, milli müdafiə ölkənin təhlükəsizliyinin, möhkəmliyinin və inkişafının təminatıdır və xalqın rifahı ilə sıx bağlıdır: “Çinin müdafiə xərcləri açıq, şəffaf, məqsədyönlü və münasibdir”.

“Çin hökuməti milli müdafiənin və iqtisadi quruculuğun koordinasiyalı inkişafı prinsipinə sadiqdir və milli müdafiə xərclərinin miqyasını rasional şəkildə müəyyənləşdirir. ABŞ kimi hərbi güclərlə müqayisədə, Çinin müdafiə xərcləri nisbətən azdır”, - deyə U Tsyan qeyd edib.

14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Məclisinin ikinci sessiyasının açılışı ilə əlaqədar hökumətin hesabatı, sosial-iqtisadi inkişafı haqqında hesabat və 2024-cü il üçün büdcə layihəsi dərc edilib. Hökumət bu il müdafiə xərclərini 7,2 faiz artırmağı planlaşdırır. Hərbi büdcə layihəsi 1,6 trilyon yuan (təxminən 231 milyard dollar) həcmində qiymətləndirilir. Keçən il Çin də müdafiə sahəsinə ayrılan vəsaiti 7,2 faiz artıraraq, 1,5 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmağı qarşısına məqsəd qoyub. Çin hakimiyyəti ordunun döyüş hazırlığını gücləndirməyi və təlimləri fəal şəkildə keçirməyi planlaşdırır.

Büdcə layihəsinə əsasən, maliyyə xərclərinin milli müdafiə kimi əsas istiqamətlərlə bağlı artırılmasına təcili ehtiyac var.

Xəbər lenti

Çox oxunanlar