Xəzər Xəbər

Aleksey Navalnı dəfn olunub

Dünya | 17:40 • 1 Mart 2024
Aleksey Navalnı

Həbsxanada vəfat edən Aleksey Navalnı ilə bu gün vida mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, dəfn mərasimindən sonra Navalnı Moskvada Borisovskoe qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, rusiyalı müxalif siyasətçi fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki həbsxanada vəfat edib.

Onun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayıb.

Hazırkı dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi tanınan Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyi iddiasını irəli sürüb. 2020-ci ilin avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdiriblər.

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verib.

Navalnı sonuncu dəfə Moskvanın Lefortovski Rayon Məhkəməsində dələduzluq və məhkəməni təhqir etmək ittihamı üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Çox oxunanlar