Fransa polisi 88 yaşlı əfsanəvi aktyor Alen Delonun evindən 72 ədəd odlu silah və 3000-dən çox patron aşkarlayaraq müsadirə edib.
BBC telekanalı xəbər yayıb ki, aktyorun Parisdən təxminən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbondakı evində isə atış tiri tapılıb. Prokurorlar bildiriblər ki, Alen Delon bu silahların saxlanması üçün müvafiq icazəyə malik deyil.
Mülki işlə bağlı aktyorun evinə göndərilən məhkəmə eksperti onun silahlarını görüb və hakimi xəbərdar edib. Bundan sonra çərşənbə axşamı prokuror Delonun malikanəsində axtarış üçün sanksiya verib.
Kino ulduzunun 2019-cu ildə insult keçirdiyi və Fransa mediasında adı açıqlanmayan başqa bir ciddi xəstəlikdən əziyyət çəkdiyi, son illərdə səhhətinin ağır olduğu bildirilir. Onun ailəsinin dağılması da Fransa mediasında əsas müzakirə mövzusu olub. Delonun üç övladı bir sıra təhqirlər, ittihamlar, məhkəmə çəkişmələri və gizli səsyazmalarla media qarşısında qarşılıqlı narazılıqlarını bildiriblər.
Alen Delonun son böyük ictimai çıxışı 2019-cu ildə Kann Film Festivalında fəxri Qızıl Palma budağının təqdimatından olub. O, həmçinin 2019-cu ilin sentyabrında dostu və həmkarı Jan-Pol Belmondonun Parisdəki dəfn mərasimində iştirak edib.