Xəzər Xəbər

Fransa Ermənistanı silahlandırmağa davam edəcək AÇIQLAMA

Dünya | 23:12 • 21 Fevral 2024
Fransa Ermənistanı silahlandırmağa davam edəcək

Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikaların verilməsinə razılıq verib.

Xezerxeber.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək. İrəvan Fransanın Ermənistana dəstəyinə arxalana bilər”, - deyə E.Makron bildirib.
Fransa prezidentinin sözlərinə inansaq, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir: "Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır"- Makron belə deyib.
O əlavə edib ki, Qarabağ erməniləri “ən tez, maneəsiz və təhlükəsiz öz evlərinə qayıtmaq hüququnu almalıdırlar”.
E.Makron həmçinin fevralın 12-də Erməninstanla şərti sərhəddə azərbaycanlı hərbçinin yaralanmasından təəssüfləndiyini vurğulayıb.
"Fransa regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərə töhfə verməyə davam edəcək. Buna yalnız beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar", - Fransa prezidenti belə deyib.
Nikol Paşinyan isə öz növbəsində bildirib ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir və buna görə də ölkəsinin müdafiə qabiliyyətinin inkişafı heç kimdə təşviş yaratmamalıdır.

Xəbər lenti

Çox oxunanlar