İsveç Ukrayna üçün yeni hərbi yardım paketini elan edib. Bu yardım paketinə döyüş katerləri də daxildir.
Xezerxeber.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bəyan edib.
“Ukraynanı dəstəkləməklə biz həm də öz təhlükəsizliyimizə sərmayə yatırırıq. Əgər Rusiya bu dəhşətli müharibədə qalib gələrsə, o halda bizim təhlükəsizliklə bağlı bugünkündən də çox böyük problemlərimiz ola bilər”, - deyə o bildirib.
Onun sözlərinə görə, müharibənin başlanmasının ildönümü ərəfəsində 15-ci yardım paketi Ukraynaya İsveçin dəstəyinin davam edəcəyinin, eləcə də Rusiyaya İsveçin müharibə nəticəsində parçalanan ölkəni pis vəziyyətdə qoymayacağının siqnaldır.
Yeni hərbi yardım paketi 1,1 milyard İsveç kronu (cari kursla 105 milyon dollar) dəyərində 10 döyüş katerindən və 20 qrup katerindən, eləcə də mina və torpeda kimi sualtı silahlardan ibarətdir.
Paketə İsveç tərəfindən daha əvvəl göndərilən “Archer” sistemi ilə uyğunlaşa bilən artilleriya döyüş silahları, eləcə də artıq Ukrayna ordusunun istifadəsində olan “Robot-70” – hava hücumundan müdafiə sistemi də daxildir.
Yardım paketində, həmçinin tank əleyhinə raketlər, “Carl Gustaf” qumbaraatanları, əl qumbaraları, tibbi avadanlıq və tibbi avtomobillər də yer alıb.