Xəzər Xəbər

HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 571 nəfərə çatıb

Dünya | 13:38 • 16 Fevral 2024
HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 571 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 571 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Son məlumatlara görə, dünən Xan Yunis şəhərində gedən döyüşlər zamanı İsrail ordusunun bir əsgəri həlak olub, səkkiz əsgəri isə yaralanıb. Beləliklə, Qəzza sektorunda yerüstü əməliyyatlar başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 233 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Xəbər lenti

Çox oxunanlar