Müharibənin indiki dönəmində Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etməsi cəmiyyətdə birmənalı qarşılanmasa da, proses rəsmi Kiyevin istədiyi məcrada getdi. Bir müddətdir Zelenski və Zalujnı arasında yaranmış ziddiyyətə sakit tərzdə son qoymaq mümkün oldu.
Xezerxeber.az xəbər verir ki, "Vahid Ukrayna" Analitik Mərkəzinin eksperti, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru İqor Petrenko AZƏRTAC-a müsahibəsində Silahlı Qüvvələrdə başlanılan islahatların məntiqli olduğunu söyləyib.
“Əgər Zalujnının istefasının səbəblərindən danışırıqsa, onda ilk növbədə, Prezident Zelenskinin qarşıya qoyulan məqsədlərə, o cümlədən əks-hücumları tam şəkildə həyata keçirilməsinə nail olunmadığına görə Silahlı Qüvvələrdə islahatlara başlamaqda ümumi məntiq var. Bundan əlavə, müharibənin gedişi, intensivliyi və ona uyğun olaraq vəzifələr də dəyişir. Buna görə də, yeni vəzifələr Ukraynanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə biləcək insanlardan yeni baxış tələb edir. Bu, ən mühüm vəzifədir və söhbət təkcə Zalujnıdan getmir. Biz artıq bir sıra yeni təyinatların şahidi oluruq. Prezidentin məntiqi ondan ibarətdir ki, cəbhədən çox uzaq olan və ya oraya çox nadir halda gedən generallar və komandirlər idarəetmədən uzaqlaşdırılır. Onlar döyüş generalları ilə əvəz olundu, hansılar ki, vəziyyəti birbaşa öz gözləri ilə görüblər, bilirlər”, - deyə İqor Petrenko əlavə edib.
Ukrayna mətbuatında ən çox toxunan məsələlərdən bir də səfərbərlik haqqında qanunun qəbulu ilə bağlı Zelenski və Zalujnı arasında yaranan ciddi fikir ayrılığının olması idi. Həmin qanun Ali Radada müzakirəyə çıxarılsa da, yenidən geri qaytarıldı. Həmsöhbətimiz bu barədə də fikirlərini bölüşüb.
“Zalujnının mətbuat konfransında söylədiklərinə baxmayaraq, səfərbərlik məsələsi, daha doğrusu səfərbərlik haqqında qanunla bağlı yaranan ziddiyyətdə Ali Baş Komandan ilə Baş Komandan arasında dekommunikasiya yox idi. Səfərbərlik haqqında qanunda nəzərdə tutulan müddəalar birbaşa Baş Qərargahın tələb etdiyi və ordudan gələn tələb olsa da, Zalujnının açıqlaması “yanan top”u daha çox Müdafiə Nazirliyinə və ya hərbi siyasi rəhbərliyə atmaq cəhdi idi. Ona görə də bu, Zelenskiyə o qədər də aydın deyildi və Zalujnının əvəzlənməsinin səbəblərindən biri də bu oldu.
Açığı, razılaşmalar var idi ki, xarici və daxili auditoriyaya vahid mövqe nümayiş etdirilməlidir. Lakin, bildiyim qədər, Zalujnının “The Economist” və CNN-də dərc etdiyi məqalələri razılaşdırılmayıb və müəyyən suallar doğurub. Ona görə də bütün bu səbəblər birlikdə onun istefasına səbəb olub. Zalujnı, şübhəsiz ki, Ukraynanın müdafiəsinə böyük töhfə verib, onu qiymətləndirməmək mümkün deyil. Müəyyən dərəcədə o, əzmkarlığın simvoluna çevrilib, ona görə də hamı ona böyük minnətdarlıq hissi ilə yanaşır. Lakin 2024-cü ildəki hərbi əməliyyatlar 2022-ci və 2023-cü illərdəkindən çox güman ki, fərqli olacaq. Ona görə də Silahlı Qüvvələrdə müvafiq dəyişikliklər aparılması məntiqlidir”, - deyə Kiyev Milli Universitetinin professor qeyd edib.
Yeni Baş Komandan Sırskinin heç də Zalujnıdan zəif general olmadığını vurğulayan Ukraynalı ekspert müharibənin indiki mərhələsində Zalujnının və digər generalları ordudan uzaqlaşdırılmasında xüsusi bir risk görmədiyini bildirdi.
“Müharibənin indiki mərhələsində Zalujnı və digər generalları ordudan uzaqlaşdırmağın riskli olub-olmamasından danışsaq, mən heç bir xüsusi risk görmürəm. Təbii ki, bir tərəfdən Zalujnının hərbi lider olduğunu deyə bilərik, amma digər tərəfdən yeni Baş Komandan Sırski də zəif hərbi xadim deyil. O, döyüş generalıdır, Kiyevin müdafiəsinə və 2022-ci ildə Xarkov vilayətində əks-hücum kimi uğurlu əməliyyatlara komandirlik edib. Sırski orduda nüfuz sahibidir. Bəli, müxtəlif fikirlər var. Bəziləri, Sırskinin çox çətin adam olduğunu söyləyirlər. O, nəzəri cəhətdən itkilərə səbəb ola biləcək qərarlar qəbul edə bilər, lakin digər tərəfdən heç kim onun peşəkarlığını və daim qaynar nöqtələrdə olan general-polkovnik olduğunu inkar edə bilməz. Baxmut, Avdeyevka, Kupyanskı kimi əsas qaynar nöqtələrdə olur, müvafiq görüşlər keçirir və bütün məlumatları birbaşa yerində komandirlərdən, birinci mənbədən öyrənir. Buna görə də Zalujnının istefasının orduda əhvali-ruhiyyənin aşağı düşəcəyi, qoşunların mənəvi-psixoloji vəziyyətinə zərbə olacağı gözləntiləri inandırıcı deyil”, - deyə İqor Petrenko vurğulayıb.
Zelenski və Zalujnı arasında yaranan böhranının görünən tərəfi budur ki, Ukrayna müharibə strategiyasını və döyüş üslubunu dəyişmək məcburiyyətində qaldığı üçün Silahlı Qüvvələrində islahatlara, yeni təyinatlara başlanılıb. Bu tezisi Zelenski və onun komandası açıq şəkildə bəyan edib. Sözsüz ki, Silahlı Qüvvələrdə başlanılan islahatların görünməyən tərəfləri də var. Zelenski hakimiyyətinin bu qərarının müharibədə dönüş yaradıb-yaratmayacağını isə zaman göstərəcək.