Fevralın 11-i İran İslam İnqilabının 45-cü ildönümüdür. Bu münasibətlə İranda müxtəlif tədbirlər keçirilir.
İnqilabın ildönümü münasibətilə İranın Tehranın, Təbriz, İsfahan, Şiraz, Urmiya və digər böyük şəhərlərində kütləvi yürüş təşkil edilib. Tehranın “Azadi” meydanında keçirilən yürüşdə Prezident İbrahim Rəisi və başqa rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni 15 illik mühacirətdən sonra 1979-cu il fevralın 1-də vətənə qayıdıb və inqilaba rəhbərlik etməyə başlayıb. Siyasi baxışlarına görə həbslərə və məhrumiyyətlərə məhkum olunan Ruhullah Xomeyni ölkəni tərk etmək məcburiyyətində qalmışdı.
Tehranda onu 3 milyondan çox insan qarşılayıb. Ölkəyə qayıdan Xomeyni inqilaba rəhbərlik edib və şah rejimini devirərək ölkənin Ali Rəhbəri vəzifəsinə seçilib.
Onun Tehrana qayıdışından 10 gün sonra - fevralın 11-də ölkədə inqilab baş verib. Həmin 10 günlük müddət İranda “Fəcr ongünlüyü” adlanır və hər il təntənəli tədbirlərlə qeyd olunur.
İslam inqilabından sonra Qərb dövlətlərinin İranda fəaliyyət göstərən iri şirkətləri ölkədən çıxarıldı. Neft şirkətlərinə məxsus olan yataqlar milliləşdirildi ki, bu da Qərb tərəfindən birmənalı qarşılanmadı. ABŞ başda olmaqla İrana qarşı qurulan koalisiya müxtəlif iqtisadi sanksiyalarla rəsmi Tehrana təzyiqlərə başladılar. Bu sanksiyalara baxmayaraq İran xalqı inqilabın nailiyyətlərini qoruyub saxlaya bildi. (AZƏRTAC)