Xəzər Xəbər

Pakistan parlamentinə seçkilərdə namizəd sui-qəsd nəticəsində yaralanıb

Dünya | 12:21 • 6 Fevral 2024
Pakistan parlamentinə seçkilərdə namizəd sui-qəsd nəticəsində yaralanıb

Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) Pakistan Xalq Partiyasının namizədi Seyid Zülfüqar Əli Şah silahlı hücuma məruz qalıb.

“The Express Tribune” nəşri yazır ki, bir qrup silahlı şəxs Sind əyalətinin Mirpur-Xas şəhərində Seyid Zülfüqar Əli Şaha hücum edib. Güllə yarası alan siyasətçi xəstəxanaya aparılıb.

Bundan öncə isə Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının namizədi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış törədilmişdi.

Pakistanda Milli Assambleyaya fevralın 8-nə təyin edilən seçkilər ərəfəsində gərginlik və zorakılıq halları artıb. Fevralın 5-də ölkənin şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 10 əməkdaşı həlak olub. Yanvarın 31-də Hayber-Paxtunxva əyalətində müstəqil namizəd Rehan Zeb Xan güllələnib. Yanvarın 30-da Pakistan Xalq Partiyasının iki nümayəndəsi hücuma məruz qalıb. Həmin gün Bəlucistan əyalətində “Ədalət Uğrunda Hərəkat” partiyasının mitinqində baş verən partlayışda 4 nəfər ölüb.

Qeyd edək ki, fevralın 8-də Pakistanda Milli Assambleyaya və əyalət qanunvericilik orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə Pakistan Müsəlman Liqası (Nəvaz Şərifin fraksiyası) və Pakistan Xalq Partiyası ən perspektivli siyasi qüvvələr sayılır. Eyni zamanda, həbs cəzasına məhkum edilən sabiq baş nazir İmran Xanın “Ədalət Uğrunda Hərəkat” partiyası daxili seçkilər keçirmədiyi üçün hələlik namizədlərini irəli sürə bilmir.

Xəbər lenti

Çox oxunanlar