Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya qəbul olunması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.
Xezerxeber.az xəbər verir ki, parlamentin vitse-spikeri Şandor Lejakın məlumatına görə, iclasda yetərsay olmayıb.
Parlament mandatlarının əksəriyyətinə sahib olan hakim partiyanın “Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin toplaşdığı iclasda iştirakdan imtina edib. İclasa 199 deputatdan yalnız 51-nin gəldiyi bildirilir.
“Macarıstan Vətəndaş Birliyi” fraksiyasının lideri Mate Koçiş əvvəlcədən bildirmişdi ki, hakim partiyadan olan deputatlar iclasda iştirak etməyəcək. Onların fikrincə, İsveçin NATO-ya müraciətinin ratifikasiyası parlamentin növbəti sessiyasının əvvəlində baş tuta bilər, lakin bunun üçün iki baş nazir Budapeştdə görüşməlidir. Əgər isveçlilərin alyansa qoşulması vacibdirsə, o zaman “Türkiyəyə getdikləri kimi” Budapeştə də gələcəklər.
Yanvarın 23-də Macarıstanın Baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristersonu krallığın NATO-ya daxil olması ilə bağlı danışıqlara dəvət etmişdi. O, əvvəlcə razılaşsa da, sonradan fikrini dəyişərək Budapeştə Macarıstan parlamenti sazişi ratifikasiya etdikdən sonra səfər edəcəyini bildirmişdi. Fevralın 1-də iki ölkənin liderləri Brüsseldə Avropa İttifaqının sammitində görüşüblər.
Xatırladaq ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzlüyünə qəbul olunmasına razılıq verib.