Xəzər Xəbər

Bayden: ABŞ İraq və Suriyada hədəflərə zərbələr endirib

Dünya | 09:37 • 3 Fevral 2024
Bayden: ABŞ İraq və Suriyada hədəflərə zərbələr endirib

ABŞ İraq və Suriyadakı hədəfləri bombalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin cümə günü yaydığı yazılı bəyanatda bildirilir.

Sənəddə deyilir: “Bu gün (2 fevral – red.) günortadan sonra Birləşmiş Ştatların Silahlı Qüvvələri mənim əmrimlə Suriya və İraqda SEPAH və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib”.

Eyni zamanda, ABŞ Prezidenti qeyd edib ki, onun ölkəsi Yaxın Şərq regionunda və ya planetin heç bir yerində münaqişəyə can atmır: “Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə ziyan vermək niyyətində olan hər kəs bilsin ki, əgər siz amerikalıya zərər vursanız, cavab verəcəyik”.

ABŞ-nin müdafiə naziri Lloyd Austin isə bildirib ki, SEPAH ilə əlaqəli obyektlərə zərbələr endirilməsi başlanğıcdır. “Prezident SEPAH və onunla əlaqəli milislərini ABŞ və koalisiya qüvvələrinə hücumlarına görə məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər görməyə göstəriş verib. Bu tədbirlər bizim seçdiyimiz zamanda və yerdə həyata keçiriləcək” - Pentaqon rəhbəri vurğulayıb.

“ABŞ-ni, qüvvələrimizi və maraqlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, - deyə o, əlavə edib.

Bundan əvvəl, ABŞ Mərkəzi Komandanlığı İordaniyada Birləşmiş Ştatların hərbçilərinə qarşı hücuma cavab olaraq İraq və Suriyaya endirilən zərbələr nəticəsində 85-dən çox hədəfin məhv edildiyini bildirib. Bombardman edilən hədəflər arasında komanda və idarəetmə məntəqələri, kəşfiyyat mərkəzləri və dron anbarları olub.

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Yəhya Rəsul da bombardmanla bağlı ölkəsinin mövqeyini açıqlayıb. Bildirib ki, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin İraqla sərhəd bölgələri bombalaması ölkənin təhlükəsizliyinin və suverenliyinin pozulmasıdır, bu, bütün regionun sabitliyi üçün gözlənilməz nəticələrə səbəb olacaq.

ABŞ səlahiyyətliləri daha əvvəl İordaniyadakı əsgərlərinin İraq İslam Müqaviməti tərəfindən hücuma məruz qaldığını bildirmişdilər. Pentaqonun məlumatına görə, bu zərbə nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-dan çoxu yaralanıb.

Xəbər lenti

Çox oxunanlar