Xəzər Xəbər

Fransalı fermerlər hökuməti vədlərini yerinə yetirməyə çağırıblar

Dünya | 15:29 • 2 Fevral 2024
Fransalı fermerlər hökuməti vədlərini yerinə yetirməyə çağırıblar

Fransalı fermerlər hakimiyyət orqanlarının vədlərini yayın əvvəlinədək yerinə yetirməyəcəyi təqdirdə etiraz aksiyalarını bərpa etməklə hədələyiblər.

Xezerxeber.az xəbər verir ki, Kənd Təsərrüfatı İstehsalçılarının Həmkarlar İttifaqları Milli Federasiyasının sədri Arno Russo bu barədə BFMTV telekanalının efirində deyib.

O, həmçinin gələn həftə fermerlərin öz təsərrüfatlarına qayıdacaqlarını və hökumətin dəstək tədbirləri barədə vədlərinə əməl etməsini gözləyəcəklərini vurğulayıb.

“Vəd edilənlər sözdə qalsa, elan edilən tədbirlər iyunadək tətbiq olunmasa, fermerlər küçələrə qayıdacaqlar”, - deyə Arno Russo bildirib.

Fransanın əsas fermer təşkilatlarının liderləri Baş nazir Qabriel Attalın elan etdiyi növbəti tədbirlər paketindən sonra etirazçıları aksiyaları dayandırmağa çağırıb.

Nazirlər Kabinetinin rəhbəri fermerlərə dəstək üçün təxirəsalınmaz tədbirlərə həsr olunan mətbuat konfransında hakimiyyət orqanlarının kənd təsərrüfatı istehsalçılarını qorumaq üçün qanunda “ərzaq suverenliyi” prinsipini təsbit edəcəyini bildirib. O, həmçinin heyvandarlıq sahəsinə dəstək üçün 150 milyon avro ayrılacağını, fermerlərin əməyinin ədalətli mükafatlandırılması haqqında qanunun icrasına nəzarətin gücləndiriləcəyini vəd edib.

Qabriel Attal, eyni zamanda, hökumətin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq üçün Avropa İttifaqı ilə danışıqlar zamanı ilkin nəticələrə nail olduğunu açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar