Yanvarın 22-də Qəzza sektorunun mərkəzi hissəsində gedən döyüşlər zamanı İsrail ordusunun 21 əsgəri öldürülüb.
Xezerxeber.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyin məlumatına görə, hərbçilər tankın raketlə vurulması, həmçinin ikimərtəbəli binada qurulan pusqu və partlayış nəticəsində həyatlarını itiriblər. Bununla da müharibənin başlanğıcından bəri həlak olan israilli zabit və əsgərlərinin sayı 556-ya çatıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Atəşkəs rejimi eyni şərtlərlə noyabrın 27-də daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.