ABŞ-nin Pensilvaniya ştatından olan senatoru Con Fetterman korrupsiyada ciddi ittihamlar irəli sürülən ermənipərəst qanunverici Bob Menendesi yenidən tənqid edib və ona meydan oxuduğunu açıqlayıb.
Bu barədə o, CNN-in “The Lead” verilişində Ceyk Tapperə verdiyi müsahibədə danışıb.
Söhbət əsnasında o, Menendesin hələ də Kapitolidə məxfi brifinqlərdə iştirak etmək hüququna malik olmasından hiddətlə danışıb.
“Qoy yenidən seçkiyə qatılmağa cəsarət etsin. Bilmirəm, niyə seçkinin bir parçası olmaq istəyir, amma namizədliyini irəli sürərsə, bu, həlledici amil olmayacaq”, - deyə Fetterman vurğulayıb.
O, nyu-cersili senatorun məhkəmə hüququ olduğunu bildirib.
“Amma Menendesin senator olmağa haqqı yoxdur və şübhəsiz ki, o, əlaqələri olmaqda əsaslı şəkildə ittiham olunduğu ölkələrlə bağlı gizli brifinqlərdə iştirak etmək hüququna malik deyil. Bu, biabırçılıqdır və mən kimlərinsə buna dözümlə yanaşmasını anlaya bilmirəm”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Menendes Misir və Qətər hökumətlərinin marağına atdığı addımlarla bağlı rüşvət və korrupsiyada, həmçinin Nyu-Cersidən olan bir neçə iş adamına qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobil və “Formula-1” yarışlarına bilet müqabilində kömək etməkdə ittiham olunur.
Fetterman Menendesi vəzifəsini tərk etməyə çağıran ilk şəxs və ən açıq tənqidçisidir. Fetterman müəyyən cinayətlərdə, o cümlədən xarici agent kimi xidmətdə ittiham olunan senatorların məxfi məlumat almasını və ümumiyyətlə həssas brifinqlərdə iştirakını qadağan edən qətnamə təqdim edib.
“Biz bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirəyə çıxarmaq istəyirik və mən xarici agent olmaqda ittiham olunan hər hansı senatorun məxfi brifinqlərdə iştirakını qadağan edə bilməyimiz üçün yekdilliklə təsdiq istəyəcəyəm”, - deyə o əlavə edib.