İngiltərədə uşaqlara kemoterapiyadan daha yüngül xərçəng dərmanı verilməyə başlanıb.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Londonda Great Ormond Street xəstəxanasında qan xərçəngi (leykemiya) səbəbindən müalicə alan 11 yaşlı Artur bu dərmanı sınayanlardan biri olub.
Ailəsi bu müalicə növünü “qaranlığı aydınladan işıq” adlandırır. Çünki bu müalicə kimyaterapiyadan fərqli olaraq Arturun xəstələnməsinə səbəb olmur. Xəstəxana mühitindən kənarda tətbiq oluna bilən dərman sayəsində pasientlər evdə ailələri ilə daha çox vaxt keçirə bilirlər. Dərman çantaya qoyularaq istənilən yerə aparıla bilər. Kimyaterapiya müalicəsi isə xərçəngi bütünlüklə aradan qaldırmır və xəstəni çox zəiflədir. Bu baxımdan da “blinatumomab” və ya qısaca “blina” dərmanı Arturun yeganə real seçimi olub.
“Blina” xərçəng xəstəliyinə tutulmuş böyükləri müalicə etmək üçün lisenziya almış bir dərmandır. Mütəxəssislər bunun uşaqlarda da təhlükəsiz şəkildə istifadə oluna biləcəyinə ümidlə yanaşırlar. Böyük Britaniyada təxminən 20 mərkəz bu dərmanı B hüceyrəli kəskin limfoblastik lösemi olan uşaqlarda istifadə edir.
İmmunoterapiya çərçivəsində istifadə olunan dərman xərçəng hüceyrələrini tapır və orqanizmin immun sistemi onları tanıyıb məhv edir. Bu dərman kimyaterapiyadan fərqli olaraq sağlam hüceyrələrə toxunmur.