Xəzər Xəbər

Lavrov: Ermənistan - Azərbaycan normallaşma prosesində irəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır

Dünya | 16:18 • 18 Yanvar 2024
Lavrov: Ermənistan - Azərbaycan normallaşma prosesində irəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır

Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesində irəliləyiş olmaması İrəvanın mövqeyi ilə bağlıdır.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə RF XİN-in bacısı Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

S.Lavrov deyib: “Sünik vilayətindən marşrutun açılması kimi praktik, Ermənistan üçün faydalı olan məsələnin indiyədək kağız üzərində qalması çox kədərli haldır. Bütün hörmətimə rəğmən, bunun səbəbinin İrəvanın mövqeyi olduğunu görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma biz Rusiya-Ermənistan-Azərbaycan prosesinin həm marşrutların açılması, həm sərhədin delimitasiyası, həm də sülh sazişinin hazırlanması üzrə nəticələr verdiyini görən Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ-ın dərhal, heç bir dəvət olmadan bu proseslərə müdaxilə etdiyinin, pozucu rol oynadığının şahidi olduq”.

RF XİN-in başçısının sözlərinə görə, Qərbin Bakı ilə İrəvan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə imkan vermədiyini söyləməyə bütün əsaslar var.

O deyib: “Örnəklərdən birini göstərdim, bu, Sünik vilayətindən keçən yoldur. Məhz Ermənistan marşrutun açılmasında çətinliklərlə üzləşib, belə ki, həmin məsələ üçtərəfli Bəyanatda yer alıb. Məhz Ermənistan yolboyu təhlükəsizliyə dair yeni tələblərlə çıxış edir. Orada Rusiya sərhədçilərinin olmasını... Neytral gömrük və sərhəd nəzarətini istəmirlər, təkcə özləri olmalıdırlar. Bu isə razılaşmalarımıza ziddir”.

S.Lavrov vurğulayıb ki, bu, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası probleminə də aiddir. O əlavə edib: “Biz öz xidmətlərimizi təklif etdik, bundan başqa, tərəflər Rusiya tərəfinin də məsləhətçi qismində iştirak edəcəyi delimitasiya komissiyasının yaradılması barədə müqavilə imzaladılar. Bizi oraya dəvət etmirlər. Şarl Mişel bəyan edib ki, delimitasiya ilə Avropa İttifaqı məşğul olacaq. Hərçənd nə Ermənistan, nə də Azərbaycan Avropa İttifaqının indiki ərazisində hər hansı bir birliyə daxil olmayıb və Avropa İttifaqında heç bir xəritə ola bilməz. Xəritələr Rusiyada var və bu, tərəfləri qane edir”.

Xəbər lenti

Çox oxunanlar