İndoneziya prezidenti Coko Vidodo ölkənin gələcək paytaxtı Nusantara şəhərində 61 min nəfərlik məscidin təməl daşını qoyub.
"Antara" agentliyi xəbər yayıb ki, 940 milyard İndoneziya rupisinə (60 milyon dollar) başa gələcək məscidin inşası 2024-cü ilin sonunadək bitəcək.
İndoneziya prezidenti 2019-cu ildə paytaxtın Cakartadan köçürülməsi ideyasını irəli sürüb. Yeni paytaxt Kalimantan adasındakı boş ərazidə salınacaq. Lakin koronavirus pandemiyası səbəbindən layihənin reallaşdırılmasında ləngimələr baş verib. 2022-ci il yanvar ayında dövlət başçısı yeni paytaxtın Nusantara (Arxipelaq) adlandırılacağını elan edib.
Layihənin həyata keçirilməsi üçün 466 trilyon rupi (32,7 milyard dollar) tələb olunur. Bu məbləğin 19 faizinin dövlət büdcəsindən ayrılacağı, digər hissəsinin isə birbaşa investisiyalar hesabına təmin ediləcəyi açıqlanıb.