Çinli tədqiqatçılar fiziologiyası insanlara bənzədiyi üçün tibbi tədqiqatlarda geniş istifadə olunan ilk rezus-makaka meymununu klonlaşdırıblar. Onlar deyirlər ki, bu heyvanlar vasitəsilə narkotik sınaqlarını sürətləndirə bilərlər, çünki onların üzərində aparılan tədqiqat genetik olaraq eyni nəticələri verir və sınaqlarda daha çox əminlik yaranır.
BBC telekanalı xəbər yayıb ki, əvvəlki makaka meymununu klonlaşdırma cəhdləri ya doğuşa gətirib çıxarmayıb, ya da doğulan heyvan bir neçə saat sonra ölüb.
Məməlilərdə cinsi çoxalma ata və anadan gələn genlərin qarışığından ibarət nəsil artımına gətirib çıxarır. Klonlaşdırma prosesində bir heyvanın genetik cəhətdən eyni surətini yaratmaq üçün həmin üsullardan istifadə olunur. Ən məşhur klonlaşdırılmış heyvan - Dolli qoyunu 1996-cı ildə yaradılıb. Bu proses Edinburq Universitetinin Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilib və süd vəzi hüceyrəsindən klonu yaradılan quzu elm aləmində böyük rezonansa səbəb olub.
Çinli alimlər “Nature Communication” jurnalında eyni prosesi makaka meymunu ilə etdiklərini yazıblar. Onlar heyvanın iki ildən artıqdır ki, sağlam qaldığını deyirlər, bu da klonlaşdırma prosesinin uğurlu keçdiyini göstərir.
Makaka meymunlarına Hindistan, Tailand, Vyetnam, Çin və Əfqanıstanda vəhşi təbiətdə rast gəlinir. Onlardan infeksiya və immuniteti öyrənmək üçün aparılan təcrübələrdə istifadə olunur.