Bişkekdə "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb. Xəsarət alanların dördü reanimasiya şöbəsinə yerləşdirilib.
Xezerxeber.az "Kabar" agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 10:55-də baş verib. "Mi-8" helikopteri “Frunze-1” aviabazasında qəzaya uğrayıb.
Məlumata görə, helikopter Qırğızıstanın Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsusdur. Müdafiə Nazirliyi helikopterin təlim uçuşları zamanı sərt eniş etdiyini və xəsarət alanların olduğunu təsdiqləyib.
Ekipajı 3 nəfər, sərnişin tutumu isə 26 nəfər olan "Mi-8" helikopterinin 130-dan çox mülki və hərbi modifikasiyası mövcuddur. Onun maksimal sürəti saatda 240 kilometr, uçuş tavanı 6 min metr, maksimum uçuş çəkisi 13 ton, maksimal uçuş məsafəsi isə 620 kilometrdir. Ümumilikdə 12 mindən çox belə helikopter istehsal edilib və müxtəlif vaxtlarda dünyanın 100-dən çox ölkəsinə tədarük olunub.