Xəzər Xəbər

ABŞ və Britaniyanın Husilərə qarşı hücumu barədə GENİŞ MƏLUMAT

Dünya | 10:35 • 12 Yanvar 2024
ABŞ və Britaniyanın Husilərə qarşı hücumu barədə

ABŞ Yəmənə zərbələr endirmək üçün bombardmançı təyyarələrdən və "Tomaqavk" qanadlı raketlərindən istifadə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Eyni zamanda, "Reuters" qeyd edir ki, Vaşinqton aviasiyadan əlavə sualtı qayıqlardan da istifadə edib.

KİV-in məlumatına görə, "Tomaqavk" Ohayo sinifli "USS Florida" nüvə sualtı qayğından buraxılıb.

Qeyd olunub ki, Britaniya və ABŞ-ın Yəməndəki hədəfləri radar stansiyaları, pilotsuz uçan aparatların olduğu anbarlar və husilərin ballistik raketləri olub.

Xatırladaq ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki "Ənsar Allah" hərəkatının (husilər) hədəflərinə zərbələr endirib. Zərbələr Yəmənin paytaxtı Səna, həmçinin Hudeyda, Dhamar şəhərləri və digər hədəflərə endirilib.

"Ənsar Allah" (husilər) hərəkatı da öz növbəsində Qırmızı dənizdəki hədəflərə yer-yer raketləri atmağa başlayıb.

Bu arada CNN yazır ki, Yəməndə husilərə zərbələr endirilən zaman prosesi Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan idarə edib.

Bir neçə gün öncə ABŞ müdafiə naziri Lloyd Ostin gizli şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı.

Məlumatlara görə,  bu gecə ABŞ və Böyük Britaniya Yəmənin dörd vilayətində hədəflərə 23 hava hücumu həyata keçirib. ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi Ostinin xəstəxanada olmasına baxmayaraq, əməliyyatı izlədiyi bildirilir. Yayılan xəbərlərə görə Ostinə prostat xərçəngi diaqnozu qoyulub.

Hazırda müdafiə nazirinin vəziyyəti stabilləşib və həkimlər onun tam sağalacağını gözləyirlər.

Yeri gəlmişkən İrandan ABŞ və Britaniyanın Yəmənə hücumuna reaksiya gəlib.  

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məsələ ilə bağlı açıqlamasında aşağıdakıları deyib:

“ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hərbi hücumlarını kəskin şəkildə pisləyirik. Bu özbaşına hərəkət Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması və beynəlxalq qanun və qaydaların pozulmasıdır”.

Xəbər lenti