Xəzər Xəbər

Qara dəniz üzən minalardan təmizlənəcək - Üç ölkə birgə sənəd imzaladı

Dünya | 15:09 • 11 Yanvar 2024
Qara dəniz üzən minalardan təmizlənəcək - Üç ölkə birgə sənəd imzaladı

Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə nazirlikləri Qara dənizdə mina əleyhinə hərbi-dəniz qrupunun yaradılması haqqında Memorandum imzalayıblar.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Ukraynadakı hərbi əməliyyatlar Qara dənizdə təhlükəsizlik üçün mənfi şərait yaradıb, mina təhlükəsinə səbəb olub. Biz ötən yay müdafiə üçün tədbirlər görmək - üç ölkədən ibarət birgə qrup yaratmaq qərarına gəlmişik. Qərar qəbul olunub və indi o, artıq imzalanmış şəkildə qarşınızdadır. Komitə yaradılacaq, orada səs çoxluğu ilə bu prosesdə iştirakla bağlı məsələ həll olunacaq”, - deyə Türkiyənin müdafiə naziri Yaşar Gülər sənədin imzalanması mərasimində vurğulayıb.

Onun sözlərinə görə, Qara dənizin üzən minalardan təmizlənməsində yalnız memorandumu imzalayan ölkələrin Hərbi Dəniz Qüvvələri iştirak edəcək.

“Bu təşəbbüs yalnız həmin üç Qara dəniz ölkəsinin gəmilərinin iştirakı üçün açıq olacaq. Biz qeyri-Qara dəniz ölkələrinin və müttəfiqlərimizin bu işə mümkün töhfəsini qiymətləndiririk. Onların bu işə köməyi uyğun şərtlərin mövcud olduğu təqdirdə daha sonra müəyyən edilə bilər”, - deyə nazir qeyd edib.

Xəbər lenti

Çox oxunanlar