Xəzər Xəbər

Husilər Qırmızı dənizə doğru iki ballistik raket atıblar

Dünya | 09:50 • 3 Yanvar 2024
Husilər Qırmızı dənizə doğru iki  ballistik raket atıblar

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri yanvarın 2-də Qırmızı dənizin cənubuna doğru iki ballistik raket atıblar, lakin heç bir ticarət gəmisi vurulmayıb.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Yanvarın 2-də Səna vaxtı ilə təxminən 21:30-da (Bakı vaxtı ilə 22:30) İranın dəstəklədiyi üsyançılar Yəmənin husilərin nəzarətində olan hissəsindən Qırmızı dənizin cənubuna doğru iki gəmi əleyhinə ballistik raket atıblar”, - deyə komandanlıq “X” sosial platformasında yayımlanan bəyanatında bildirib.

Bir dənə də olsun ticarət gəmisinə ziyan dəymədiyi qeyd edilib.

CENTCOM-un hesablamalarına görə, bu hücum noyabrın 19-dan bəri 24-cü hücum olub.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlamaq niyyətlərini açıqlayıblar. Bu əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.

Xəbər lenti

Çox oxunanlar