Xəzər Xəbər

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb

Dünya | 14:56 • 2 Yanvar 2024
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb

Yaponiyanın İşikava prefekturası sahillərində baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 48-ə çatıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, silsilə yeraltı təkanlar nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölüm hallarının hamısı İşikava prefekturasınında qeydə alınıb. Elə ən çox dağıntı da həmin prefekturanın payına düşür. Medianın məlumatına əsasən taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına və axtarış-xilasetmə işlərinə hərbçilər də cəlb olunub.

Qeyd edə ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkan qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələ ölkənin şimal, cənub və mərkəzi hissəsindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edib.

Sahil zonasından əhalinin dərhal təxliyəsi həyata keçirilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb, yüzlərlə sərnişin 10 saatdan çox qatarlarda qalıb. Bundan başqa, magistral yollar bağlanıb, hava limanlarında uçuşlara fasilə verilib. Zəlzələdən sonra təxminən 200 tikilidə yanğın meydana gəlib. Dağıntılar Niiqata, Toyama, Fukui və Gifu prefekturalarında da qeydə alınıb. Yeraltı təkanlar bəzi yerlərdə torpaq sürüşmələrinə, yer qatının 1,3 metrədək qalxaraq, müxtəlif istiqamətlərə doğru sürüşməsinə səbəb olub.

Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında anormal vəziyyət müşahidə olunmayıb.

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanlar ola biləcəyini açıqlayıb. Agentlik vətəndaşlara ehtiyatlı olmağı, sahil və çaylardan uzaq durmağı, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyəni tövsiyə edir.

ABŞ, Kanada, İtaliya da daxil olmaqla bir neçə ölkə Yaponiyaya köməyini təklif edib.

Xəbər lenti

Çox oxunanlar