Xəzər Xəbər

Yaponiyadakı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb YENİLƏNİB

Dünya | 15:16 • 1 Yanvar 2024
Yaponiyadakı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb

Yaponiyanın İşikava prefekturusanın sahilində baş verən 7,6 bal gücündə zəlzələ fəsadlar törədib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, zəlzələ nəticəsində İşikava prefekturasının bir neçə yaşayış məntəqəsində tikililərə, o cümlədən fərdi evlərə ziyan dəyib. Zəlzələnin infrastruktura, o cümlədən kommunikasiya və elektrik şəbəkəsinə təsiri nəticəsində 33 minə yaxın evin elektrik təchizatı dayanıb.

Niiqata prefekturasında 80-dən çox yaşı olan qadın təxliyə zamanı xəsarət alıb. Hələlik insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, Yaponiyanın Meteorlogiya Agentliyi bir neçə yeraltı təkan qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,4 bal gücündə olduğunu açıqlamışdı. Dəqiqləşdirmələrdən sonra zəlzələnin gücünün 7,6 bal olduğu məlum. Zəlzələ ölkənin şimal, cənub və mərkəzi hissəsindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edib. Sahil zonasından əhalinin dərhal təxliyəsi həyata keçirilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb, magistral yollar bağlanıb. Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında anormal vəziyyət müşahidə olunmayıb.

Yaponiyanın Meteorlogiya Agentliyi ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanlar ola biləcəyini açıqlayıb.

Yapon dənizindəki zəlzələ ilə əlaqədar Rusiyanın Uzaq Şərq regionunun sahil yaşayış məntəqələrində də sunami xəbərdarlığı elan edilib. Sunaminin Cənubi Koreyanın şərq sahillərində də təsirli olacağı güman olunur.

12:28

Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Yaponiya mediası ölkənin müvafiq qurumlarına isinadla məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 16:10-da baş verib. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib. Dənizdə dalğanın hündürlüyünün 5 metrə çatacağı güman olunur. Sahil zonasından əhalinin təxliyəsinə başlanılıb.

Xəbər lenti