ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahuya Qəzza sektorunda keçirilən əməliyyatın xeyli sayda mülki insan itkisinə səbəb olacağından və humanitar böhranı dərinləşdirəcəyindən narahat olduğunu bildirib.
Xezerxeber.az xəbər verir ki, Axios portalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Cozef Bayden Netanyahuya Qəzza sektorunun şimalında aparılan əməliyyatın əhali sıxlığına görə cənubda təkrarlana bilməyəcəyini deyib. ABŞ Prezidenti, həmçinin Fələstin eksklavının cənubunda aparılacaq istənilən əməliyyat planının Vaşinqtonla ətraflı müzakirə edilməli olduğunu İsrailin baş nazirinə çatdırıb.
Binyamin Netanyahu isə öz növbəsində Cozef Baydenə bildirib ki, hərbi əməliyyat HƏMAS hərəkatını məhv etmək üçün keçirilir və İsrail ictimaiyyəti müharibənin dayandırılması ilə razılaşmayacaq.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və Baş qərargah rəisi Qersi Halevi Qəzzada aparılacaq hərbi əməliyyat planının artıq təsdiqləndiyini və atəşkəs rejimi başa çatan kimi döyüşlərin tam gücü ilə davam edəcəyini bildiriblər.