Xəzər Xəbər

Almaniyada bütün sahələrdə kəskin kadr çatışmazlığı var

Dünya | 11:00 • 30 Noyabr 2023
Almaniyada bütün sahələrdə kəskin kadr çatışmazlığı var

Almaniyada hər iki şirkətdən birində vakant yerləri doldurmaq məsələsində problemlər yaranıb. Bundan ən çox zərəri tikinti və sənaye sahələri çəkir.

Almaniya Ticarət və Sənaye Palatasının (ATSP) sorğusuna əsasən, ixtisaslı işçi qüvvəsinin çatışmazlığı Almaniya iqtisadiyyatının əhəmiyyətli hissəsinə təsir göstərib. Bu gün yayılan ixtisaslı kadrlar üzrə yeni hesabata görə, hər iki şirkətdən biri ən azı bir neçə vakansiyalarını doldura bilmir. “İxtisaslı kadrlarla bağlı vəziyyət çox kritik olaraq qalır. Bəzi sənaye sahələrində bu, təkcə ixtisaslı işçi çatışmazlığı deyil, həm də ümumi işçi çatışmazlığı ilə səciyyələnir”, - deyə ATSP rəhbərinin müavini Axim Derks bildirib. Kadr çatışmazlığı bütün iqtisadiyyata mənfi təsir göstərir və indi demək olar ki, hər bir sənaye sahəsi və peşəni əhatə edir.

Ticarət və Sənaye Palatasının məlumatına görə, hesabat üçün 22 mindən çox şirkətin məlumatları qiymətləndirilib. Hazırkı hesablamaya görə, hazırda 1,8 milyon vəzifə boş qalır, həmçinin bu il 90 milyard avrodan çox əlavə dəyər itirilib. Bu, Almaniyanın iqtisadi məhsulunun iki faizindən çoxuna uyğundur.

Sorğuda iştirak edən şirkətlərin əksəriyyətində (55 faiz) üçüncü dövlətlərdən, yəni Aİ-dən kənar ölkələrdən olan insanlar çalışır. Dil kursları və daha sadə prosedurlar istəklərin siyahısında ilkin terləri tutur. "Aylarla viza gözləmək, sənədlərin poçtda ilişib qalması, immiqrasiya xidməti ilə əlaqənin olmaması - bütün bunlar keçmişdə qalmalıdır", -deyə A. Derks tələb edib. (AZƏRTAC)

Xəbər lenti