HƏMAS hərəkatı hər gün 10 girovu azad edərsə, İsrail atəşkəs rejimini uzatmağa hazırdır.
“The Times of Israel” nəşri yazır ki, indiyədək 117 fələstinli məhbus yəhudi dövlətinin həbsxanalarından azad edilib. Daha 40 fələstinli məhbusun noyabrın 27-də azadlığa buraxılması gözlənilir. HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşma çərçivəsində azad olunması planlaşdırılan fələstinlilərin siyahısında daha 150 nəfərin adı var.
Noyabrın 27-də azad ediləcək girovların və fələstinli məhbusların siyahısı ilə bağlı tərəflər arasında fikir ayrılıqları yaranıb. Hazırda atəşkəsə və məhbus mübadiləsinə vasitəçilik edən Qətər problemi həll etməyə çalışır.
Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə əldə edilən dördgünlük atəşkəs çərçivəsində İsrail və HƏMAS arasında əsir mübadiləsi aparılır. Dünən tərəflər arasında üçüncü məhbus mübadiləsi baş tutub.