Xəzər Xəbər

Ukrayna Qərbin yardımı kəsiləcəyi halda B planı hazırlayıb

Dünya | 16:00 • 3 Noyabr 2023
Ukrayna Qərbin yardımı kəsiləcəyi halda B planı hazırlayıb

Ukraynanın hakimiyyət orqanları Kiyevin Qərb ölkələrindən yardım almayacağı təqdirdə B planı hazırlayıb, lakin onlar tərəfdaşlarının yardımının davam edəcəyinə əmindirlər.

Xezerxeber.az xəbər verir ki, Ukrayna parlamentinin maliyyə komitəsinin rəhbəri Danilo Getmantsev bu barədə “Rada” telekanalının efirində deyib.

2024-cü il dövlət büdcəsinin hazırlanmasından danışan Danilo Getmantsev Kiyevin Qərbdən ehtiyac duyduğu həcmdə yarım alacağına zəmanət olmadığı üçün maliyyə cəbhəsində vəziyyətin kifayət qədər çətin olduğunu etiraf edib.

“Gələn il üçün büdcə layihəsində 42 milyard dollar həcmində maliyyə yardımı nəzərdə tutulsa da, əlimizdə yalnız Avropa Komissiyasının yardımı və Beynəlxalq Valyuta Fondunun proqramı çərçivəsində 15 milyard dollarlıq zəmanətli vəsaitimiz var”, - deyə komitə sədri əlavə edib.

Ali Radanın bir müddət öncə qəbul etdiyi 2023-cü il büdcəsinə düzəlişlərdə büdcə kəsiri 38 milyard dollardan 54,75 milyard dollara yüksəldilib. Oktyabr ayında Maliyyə Nazirliyi ilin əvvəlindən bəri ölkəyə qrant və kreditlər şəklində 33,8 milyard dolların daxil olduğunu bildirib. Eyni zamanda, Ukrayna parlamentində 42 milyard dollardan çox kəsirin yer aldığı 2024-cü il büdcəsi müzakirə olunub.

ABŞ Konqresinin Nümayəndələr Palatası isə öz növbəsində Ukraynaya dəstəyin nəzərdə tutulmadığı əlavə büdcə ayrılmaları barədə qanun layihəsini təsdiqləyib. Ağ ev qanun layihəsinin hazırkı formada Konqresin hər iki palatasında qəbul ediləcəyi təqdirdə ona Prezident Cozef Bayden tərəfindən veto qoyulacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Çox oxunanlar