Xəzər Xəbər

İƏT üzv dövlətləri qlobal halal bazarından yararlanmağa çağırıb

Dünya | 10:55 • 2 Noyabr 2023
İƏT üzv dövlətləri qlobal halal bazarından yararlanmağa çağırıb

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 18-ci Baş Assambleyası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, İƏT-in Baş Katibliyindən bildiriblər ki, təşkilatın iqtisadi məsələlər Departamentinin baş direktoru Nağı Cabbarov iclasın açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın müraciətinin mətnini oxuyub.

Baş katib öz müraciətində SMIIC-in təşkilata üzv dövlətlər arasında halal standartlarının uyğunlaşdırılması yolu ilə ticarət fəaliyyətinin təşviqinə davam edən öhdəliyini yüksək qiymətləndirib və ölkələri İƏT daxilində sosial-iqtisadi inkişafı gücləndirmək üçün Halal bazarındakı sürətli artımdan istifadə etməyə çağırıb.

Baş katib, həmçinin üzv dövlətlərlə əlaqənin səviyyəsini yaxşılaşdırmaq üçün süni intellektdən istifadə potensialının tədqiqində əhəmiyyətli irəliləyiş əldə etdiyinə görə SMIIC-in fəaliyyətini təqdir edib. O vurğulayıb ki, SMIIC-in veb-saytı və SMIIC İnformasiya Sistemi üzv dövlətlərə bu institutun məlumat bazasında saxlanılan məlumatlara daxil olmaq üçün əla imkanlar yaradır.

İclasda SMIIC-in 2023-cü il üçün müxtəlif qərar və fəaliyyət proqramlarının icrası ilə bağlı hesabatına baxılıb, institutun 2024-cü il üçün Fəaliyyət Planı və büdcəsi təsdiq edilib.

Xəbər lenti