NATO Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya üçün parlamentə göndərməsi qərarını alqışlayıb.
Bu barədə NATO Baş katibi İsveç Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Prezidentinin bu qərarı Vilnüs razılaşmasına uyğundur.
NATO Baş katibi qeyd edib ki, İsveç öz öhdəliklərini yerinə yetirib - Konstitusiyasına dəyişiklik edib, terrorla mübarizə istiqamətində addımları gücləndirib, Türkiyəyə silah satışı ilə bağlı embarqonu aradan qaldırıb.
Stoltenberq eyni zamanda, Türkiyənin terrorla bağlı "legitim narahatlığının anlaşılan olduğu"nu vurğulayıb və o xatırladıb ki, Türkiyə terrordan ən çox əziyyət çəkən NATO üzvüdür.
“Biz çox yaxın gələcəkdə İsveçi NATO-ya üzv kimi qəbul etməyi səbirsizliklə gözləyirik. İsveç Alyansa qoşulmağa tam hazırdır və bu ölkənin NATO-ya qoşulması Alyansın imkanlarını daha da gücləndirəcək”, - Stoltenberq vurğulayıb. (APA)