Xəzər Xəbər

Vladimir Putinin Çinə səfəri başlayıb

Dünya | 11:15 • 17 Oktyabr 2023
Vladimir Putinin Çinə səfəri başlayıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasına (ÇXR) səfəri başlayıb.

Xezerxeber.az xəbər verir ki, səfərin məqsədi Pekində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakdır. Vladimir Putinin ÇXR Sədri Si Cinpin və forumda iştirak edən bir neçə ölkənin liderləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 17-18-də Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirilir. Təşkilat komitəsinin məlumatına əsasən, forumda 140-dan çox ölkənin dövlət və hökumət başçıları, yüksək vəzifəli rəsmi şəxsləri, 30-dan çox beynəlxalq və regional təşkilatın rəhbərləri, ümumilikdə 4 mindən artıq nümayəndə iştirak edir. Açılış mərasimi oktyabrın 18-də keçiriləcək forumun müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri, habelə “yaşıl” inkişaf, rəqəmsal iqtisadiyyat, təmiz ipək yolu, dənizçilik əməkdaşlığı müzakirə olunacaq.

Çin lideri Si Cinpinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü Çinin xüsusən Avrasiya və Afrika regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyır.

Xəbər lenti