Fransanın məsuliyyətdən danışmağa haqqı yoxdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa xarici işlər naziri Ketrin Kolonnanın İrəvanda səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.
Zaxarova Kolonnanın “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı öhdəliklərini yerinə yetirməyib” bəyanatını şərh edərək bildirib ki, Fransa məsuliyyətdən danışa bilməz: “Xatırladım ki, Fransa Ukrayna ilə bağlı Minsk razılaşmalarının zəmanətçisi və dövlət sponsor idi. Amma biz sonra cənab Olanddan (Fransanın keçmiş prezidenti Fransua Oland-red) nə eşitdik? Eşitdik ki, onlar bu razılaşmaları icra etməyə hazırlaşmırmışlar. Mən Ketrin Kolonnun yerində olsaydım, zəmanət və məsuliyyət barədə susardım”.
Rusiya XİN sözçüsü ölkəsinin Qarabağ məsələsini nizamlanmasında çox işlər gördüyünü xatırladıb: “Bəs Fransa, Brüssel, bütün Avropa İttifaqı nə iş görüb? Vaşinqtona bu trekdə müraciət etməyin faydası artıq yoxdur. Sözdən və sonsuz piar aksiyadan başqa dünya ictimaiyyətinə təqdim etmək üçün nəsə konkret fəaliyyətləri varmı? Onlar Ermənistan rəhbərliyini Praqa və Brüsseldə inandırıblar ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini barədə məsələni unutsunlar. Bunun nəticəsi isə hazırki böhran oldu”.
Zaxarova Brüsselin bütün məsuliyyəti öz üzərindən ataraq Moskvanı qaralamağa çalışdığını vurğulayıb. O, İrəvan, Bakı və Moskva arasında əldə olunan bütün üçtərəfli razılaşmaların Avropa İttifaqı ölkələrindəki sammitlərlə əvəz olunmasına görə məsuliyyəti Brüsselin daşıdığını qeyd edib. (APA)