Xəzər Xəbər

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

Dünya | 11:53 • 3 Oktyabr 2023
Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub. 

Deputatların 62-si sənədin qəbulunun lehinə: 20-si isə əleyhinə səs verib.

“Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyib.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan isə iclas başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir.

Xatırladaq ki, 2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyasına zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.

Qeyd edək ki, Ermənistanda Roma statutu qüvvəyə minəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Ona görə də Kreml Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib. 

Rusiya XİN isə bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

 

Xəbər lenti