Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə gedəcək.
Amerika mediası xəbər yayıb ki, Ukraynanın dövlət başçısı səfər zamanı Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşə bilər. Görüşün sentyabrın 21-də baş tutacağı ehtimal edilir. Lakin Ağ Ev bu məlumatı hələlik təsdiqləməyib.
Ukrayna prezidenti, həmçinin Konqresdə də bir sıra mühüm görüşlər keçirməyi planlaşdırır. Bu görüşlər Birləşmiş Ştatlarda yaranan hazırkı vəziyyətdə böyük əhəmiyyət kəsb edir. Belə ki, Konqres hazırda Ukraynaya əlavə olaraq 21 milyard dolar həcmində yardım ayrılması barədə Cozef Baydenin müraciətini nəzərdən keçirir.
Qeyd edək ki, ABŞ Prezidentinin Ukraynanı Rusiya təcavüzünə qarşı sonadək dəstəkləyəcəyi barədə bəyanatına baxmayaraq, müharibə uzandıqca Vaşinqtonun Kiyevə göstərdiyi yardımın həcmi ilə bağlı fikir ayrılığı artır. 2022-ci ilin dekabrına ABŞ Konqresində çıxış edən Volodimir Zelenski Ukraynaya edilən yadımın “ianə” deyil, “qlobal təhlükəsizliyə və demokratiyaya yatırım” olduğunu demişdi.