Xəzər Xəbər

Rusiya Ermənistandan izahat tələb edir

Dünya | 15:47 • 5 Sentyabr 2023
Rusiya Ermənistandan izahat tələb edir

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə rəsmi İrəvanın bu addımının Rusiya - Ermənistan münasibətlərinə necə təsir edəcəyi ilə bağlı suala cavab verib.

O bildirib ki, Rusiya Ermənistan tərəfindən bu haqda izahat istəyib.

“İrəvanın təqdim edəcəyi cavabın məzmunundan çıxış edərək gələcək addımlarımızı müəyyən edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Xatırladaq ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub-olmadığı məlum deyil.

Qanun layihəsi parlamentin saytında dərc olunmayıb.

Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar