Xəzər Xəbər

Nigerin Baş naziri Fransa prezidentinin sözlərini ölkəsinə qarşı hörmətsizlik adlandırıb

Dünya | 13:28 • 5 Sentyabr 2023
Nigerin Baş naziri Fransa prezidentinin sözlərini ölkəsinə qarşı hörmətsizlik adlandırıb

Fransa prezidenti Emmanuel Makronun Nigerdən qovulmuş, lakin imtiyazları və toxunulmazlığının ləğvinə rəğmən bu ölkəni tərk etmək istəməyən səfir Silvain İtteni “cəsarətli diplomat” adlandırıb. Onun bu sözlərinə cavab verən Nigerin Baş naziri Əli Mahaman Lamine Zeyne bildirib ki, Fransanın dövlət başçısının bu bəyanatı qəbuledilməz və onun ölkəsinə qarşı hörmətsizlikdir. O əlavə edib ki, İtte özünü diplomat kimi aparmayıb və ona təcili olaraq ölkəni tərk etməsi barədə xəbərdarlıq edilib.

AZƏRTAC Afrika KİV-lərinə istinadla xəbər verir ki, Niger hərbi hökuməti Fransa qoşunlarının Qərbi Afrikanın bu ölkəsindən sürətlə çıxarılmasını təmin etmək məqsədilə rəsmi Paris ilə danışıqlar aparır. Son günlər paytaxt Niameydə minlərlə etirazçı bir ay əvvəl hərbçilərin seçilmiş prezidenti devirdiyi Nigerdə fransız əsgərlərinin qalmasına etiraz etmək üçün mitinq keçirib.

Bu məsələ ilə bağlı Niameydə keçirilən mətbuat konfransında çıxış edən Baş nazir Əli Mahaman Lamine Zeyne bildirib ki, Fransa qoşunlarının hərbi administrasiyanın Niger ərazisində qalmasına icazə verən razılaşmaların ləğvi səbəbindən fransız hərbçilərinin burada olması qeyri-qanunidir. "Onlar qeyri-qanuni mövqedədir, lakin düşünürəm ki, davam edən müzakirələr bu qüvvələrin tezliklə ölkəmizdən çıxmasına imkan verəcək", -deyə Baş nazir bəyan edib.

Qeyd edək ki, Niger təxminən 1500 Fransız əsgərinə ev sahibliyi edir. Avqustun 3-də bu ölkənin yüksəkrütbəli hərbçiləri Fransa ilə hərbi müqavilələri ləğv etdiklərini elan ediblər, Paris isə bu qərarı qeyri-legitim adlandırıb və rədd edib.

Xəbər lenti

Çox oxunanlar