İsveç terror əleyhinə qanunvericiliyi qəbul etməklə NATO-ya üzvlük üçün Türkiyənin tələblərini yerinə yetirib.
Xezerxeber.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström "Bloomberg" agentliyinə müsahibəsində deyib.
“Biz vədimizi yerinə yetirdik, Türkiyə də sazişin öz üzərinə düşən hissəsini yerinə yetirməli və ratifikasiya prosesinə başlamalıdır”, - deyə nazir bildirib.
O, həmçinin NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinə qədər Stokholmun alyansa üzvlüyə nail olmağa çalışacağını vurğulayıb.
“Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qələbə qazandıqdan sonra bütün diqqətini yeni hökumətin formalaşdırılmasına yönəldib. Bu səbəbdən İsveçin səylərinə baxmayaraq, NATO-ya üzvlüklə bağlı sənədin ratifikasiyası yubana bilər”, - deyə Tobias Billström əlavə edib.
İsveçdə terrorçuluq haqqında qanuna dəyişikliklər iyunun 1-dən qüvvəyə minir. Dəyişikliklər terror qruplaşmalarında iştiraka, onların maliyyələşməsinə, terrora açıq çağırışlara və terror cəhdlərinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Stokholmun terrorizmdə şübhəli bilinən 120 nəfərin Türkiyəyə ekstradisiyasından boyun qaçırdığına görə Ankaranın İsveçin üzvlüklə bağlı sənədini ratifikasiya etməyəcəyini bildirmişdi.