Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda ətrafında danışıqlar aparılan yeni pandemiya sazişi COVID-19 böhranından sonra qlobal sağlamlıq təhlükəsizliyinə yanaşmada dramatik dəyişikliyi qeyd edən “tarixi razılaşma” olmalıdır.
Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının illik Assambleyasının açılışında çıxış edən T.A.Qebreyesus bəyan edib: "Biz fəaliyyətimizə əvvəllər olduğu kimi davam edə bilmərik. Üzv dövlətlərin hazırda ətrafında danışıqlar apardıqları pandemiya razılaşması taleyimizin bir-birinə bağlı olduğunu anlayışı ilə qlobal sağlamlıq təhlükəsizliyində paradiqma dəyişikliyi etmək üçün tarixi bir razılaşma olmalıdır".
ÜST-ə üzv dövlətlər növbəti dəfə pandemiyanın baş verməsinin qarşısını almaq və ya ona daha effektiv reaksiya vermək üçün dünyanın daha yaxşı təchiz olunmasını təmin etmək məqsədi daşıyan beynəlxalq saziş istiqamətində danışıqlara başlayıblar. Proses hələ ilkin mərhələsindədir, lakin məqsəd 2024-cü ilin mayında keçiriləcək növbəti Ümumdünya Səhiyyə Assambleyası zamanı həmin sənədi tamamlamaqdır.
Tədbir iştirakçılarına videoformatda müraciət edən BMT-nin Baş katibi Antonio Quterreş deyib: "Ümid edirəm ki, pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirləri ilə bağlı hazırkı danışıqlar həyatları xilas edən güclü çoxtərəfli yanaşma ilə nəticələnəcək".
ÜST-nin baş direktoru qeyd edib ki, sözügedən pandemiya sazişi təşkilatın 75 illik tarixi ərzində ikinci qanuni qüvvəyə malik sağlamlıq sənədi olacaq. Onun sözlərinə görə, birinci saziş düz 20 il əvvəl qəbul edilmiş Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası olub və uğurla həyata keçirilib. Belə ki, bu müddət ərzində dünyada tütündən istifadə 33 faiz azalıb. Baş direktor vurğulayıb ki, hazırkı sənədin imzalanması qlobal sağlamlıq tarixində yeni bir fəsil yazılması istiqamətində mühüm bir məqam olacaq.