Respublikaçıların yarıdan çoxu 2024-cü ildə keçiriləcək prezident seçkilərində Ağ evin sabiq sahibi Donald Trampı dəstəkləməyə hazırdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat "Fox News" telekanalının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
Respublikaçıların 54 faizi Donald Trampı dəstəklədiyi halda, onun ən əsas rəqibi - Florida ştatının qubernatoru Ron Desantisin dəstəyi 24 faiz olub. Beləliklə, sabiq prezidentlə ən yaxın izləyicisi arşında fərq 30 faizə yüksəlib, halbuki fevral ayında bu fərq 15 faiz idi. Ekspertlər Donald Trampın dəstəyinin kəskin artmasını onun mümkün həbsi ilə bağlı xəbərlərlə əlaqələndirirlər.
Ağ evin sabiq rəhbərinin partiya daxilindəki digər rəqiblərinin populyarlığı isə daha azdır. Belə ki, Birləşmiş Ştatların sabiq vitse-prezidenti Maykl Pens respublikaçıların 6 faizinin, Nümayəndələr Palatasının Vayominq ştatından olan sabiq üzvü Elizabet Çeyni və ABŞ-nin BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli 3 faizinin, Texas ştatının qubernatoru Qreq Ebbott isə cəmi 2 faizinin etimadını qazanıb.
Eyni zamanda, sorğunun nəticələrinə əsasən, Demokratik partiya tərəfdarlarının 52 faizi Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Baydeni 2024-cü il seçkilərində namizəd kimi görmək istəmir. Respondentlərin yalnız 44 faizi onun namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.
Sorğu martın 24-dən 27-dək 1007 nəfər arasında keçirilib.