Baxmutun müdafiəsi Ukrayna üçün hərbi və siyasi baxımdan vacibdir. Çünki şəhərin itirilməsi kompromislər tapmaq üçün təzyiqə səbəb ola bilər.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Associated Press" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Baxmut itiriləcəyi təqdirdə Vladimir Putin bu “qələbədən” şübhəsiz ki, öz maraqları üçün istifadə edəcək.
Zelenski güman edir ki, Baxmut məğlubiyyətinin təzyiqi həm beynəlxalq ictimaiyyət tərəfindən, həm də Ukrayna daxilində sürətlə baş verəcək. "Cəmiyyətimiz özünü yorğun hiss edəcək. Cəmiyyətimiz məni onlarla güzəştə getməyə sövq edəcək", - deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, hazırda nə tərəfdaşlar, nə də ukraynalılar tərəfindən belə təzyiqlərlə üzləşmir.