Ukrayna Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin rəhbəri Boqdan Xmelnitski vəzifəsindən azad edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Parlamentin Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Anastasiya Radina bildirib.
“Müdafiə Nazirliyinin departament direktoru Xmelnitski və nazir müavini Şapovalov işdən çıxarılıb”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Xmelnitskinin adı korrupsiya qalmaqalında hallanıb. Onun adı 2022-ci ilin avqustunda hərbi sursatın alınması zamanı nazirliyin vəsaitindən 580 min ABŞ dollarının mənimsənilməsi işində gündəmə gəlib.
Həmçinin Ukraynanın sosial siyasət nazirinin müavini Vitali Muzıçenka, Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad olunub. Bundan əlavə, icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker, Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefa veriblər.