Xəzər Xəbər

Kosmosdan təhlükə: peykin raketlə məhv edilməsi narahatlığı artırıb

Kosmosda istifadə olunan silahlar ciddi təhdid hesab edilir
Dünya | 11:58 • 25 Yanvar 2023
Kosmosdan təhlükə: peykin raketlə məhv edilməsi narahatlığı artırıb

Dövlətlər arasında düşmənçilik getdikcə artaraq Yerətrafı orbitə və virtual məkana da sirayət edir. Peyklərə hücum və kiberhücum təhlükəsi getdikcə artmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə Avropa Kosmik Konfransının açılışında çıxışı zamanı deyib. O, kosmosdan gələn təhlükəyə Rusiyanın Ukraynaya qarşı müharibəni necə başlamasını misal göstərib: hərbi müdaxilədən 24 saat əvvəl Ukrayna ordusunun istifadə etdiyi orbital telekommunikasiya şəbəkəsi kiberhücuma məruz qaldı, şəbəkəyə daxil edilən zərərli kod onu qismən söndürdü.

Borrel qeyd edib ki, hazırda istər mülki, istərsə də hərbi infrastruktur peyk məlumatlardan çox asılıdır. Bu gün kosmos peyklərin hədəf alına biləcəyi strateji məkana çevrilib. Aİ rəsmisinin sözlərinə görə, Rusiya bu yaxınlarda öz peyklərindən birini yerüstü raketlə məhv edib və istənilən başqa peyki də hədəfə ala bilər.

Hazırda Yerətrafı orbitdə 5,5 min peykin olduğu bildirilir. Onların təxminən 550-si hərbi məqsədlər üçün nəzərdə tutulub. Kosmosda istifadə olunan silahlar oradakı stansiyalar və gəmilər üçün ciddi təhdid hesab edilir.

Avropa Komissiyası bu ilin martında yeni kosmik təşəbbüsünü təqdim etməyi planlaşdırır. Məqsəd vətəndaşları və mühüm infrastrukturu kosmosdan gələ biləcək təhlükələrdən qorumaqdır.

Xəbər lenti